Mütəxəssislər bəzi ədviyyatların maddələr mübadiləsinə və immun sisteminə müsbət təsir göstərdiyini bildirirlər. Foodinfo.az BB.LV-yə istinadla xəbər verir ki, bəzi ədviyyatlar təkcə yeməklərə dad qatmaqla kifayətlənmir, eyni zamanda sağlamlığın qorunmasında mühüm rol oynayır. Mütəxəssislərin fikrincə, xüsusilə şəkərli diabetdən əziyyət çəkən şəxslər üçün bəzi bitki mənşəli qatqılar faydalıdır. Onlardan biri də çemen kimi tanınan paxlalı bitki olan çəmənotudur. Aparılan elmi araşdırmalar göstərib ki, çəmənotu qanda triqliseridlərin və ümumi xolesterinin səviyyəsini aşağı salır. Eyni zamanda bu bitki “pis” xolesterinin azalmasına, “yaxşı” xolesterinin isə artmasına kömək edir. Xüsusilə ikinci tip şəkərli diabet xəstələrində bu təsirin daha aydın müşahidə olunduğu bildirilir.

Mütəxəssislər çəmənotunun yağ mübadiləsini tənzimləyən təsirə malik olduğunu və onu qidalanmada müntəzəm istifadə etməyin faydalı sayıldığını vurğulayırlar. Qeyd olunur ki, bu bitki Qafqazda da geniş yayılıb və bir çox ədviyyat qarışıqlarının tərkibində yer alır. Digər faydalı ədviyyatlardan biri isə rozmarindir. Həkimlərin sözlərinə görə, rozmarin tərkibindəki maddələr qanda şəkərin artması nəticəsində yaranan zərərli birləşmələrin qarşısını alır. Bu isə damarların zədələnməsi və vaxtından əvvəl qocalma riskini azaldır.

Mütəxəssislər diabet xəstələrinə rozmarini gündəlik yeməklərə əlavə etməyi tövsiyə edirlər. Sağlamlıq üçün faydalı sayılan üçüncü ədviyyat isə sarıkökdür. Sarıkökdə olan kurkumin güclü iltihabəleyhinə təsirə malikdir. Bildirilir ki, iltihab bir çox xroniki xəstəliklərin, o cümlədən ürək-damar xəstəlikləri və xərçəngin əsas səbəblərindən biridir. Sarıkökün müntəzəm istifadəsi bu risklərin azalmasına kömək edə bilər. Eyni zamanda bu ədviyyatın qaraciyərin qorunmasında və beyin sağlamlığının dəstəklənməsində də mühüm rolu olduğu qeyd olunur.