Tam südün böyüklər üçün zərərli olması ilə bağlı fikirlər tez-tez müzakirə olunur. Foodinfo.az BB.LV-yə istinadla xəbər verir ki, mütəxəssislər bu məsələnin insanın genetik xüsusiyyətlərindən asılı olduğunu bildirirlər. Məlumata görə, əksər məməlilərdə böyüdükcə süd şəkəri olan laktozanı həzm etmək qabiliyyəti azalır. Bu hal laktozanı parçalayan fermentə cavabdeh genin fəaliyyətinin zəifləməsi ilə bağlıdır.

İnsanlarda da oxşar mexanizm mövcuddur, lakin bəzi xalqlarda bu proses mutasiyalar nəticəsində dəyişib. Xüsusilə Avropa xalqları və tarixən maldarlıqla məşğul olan Afrika toplumlarında bu gen “sönməyib”. Alimlər hesab edirlər ki, maldarlığın formalaşması dövründə təbii seçmə məhz bu mutasiyaların yayılmasına şərait yaradıb.

Hazırda aparılan araşdırmalara əsasən, Avropada yaşayan böyüklərin 85–95 faizi laktozanı problemsiz mənimsəyə bilir. Bu səbəbdən onlar üçün tam süd içmək adətən təhlükə yaratmır. Lakin dünyanın bütün bölgələrində vəziyyət eyni deyil. Məsələn, Şərqi Asiyada əhalinin cəmi 3–5 faizi laktozanı rahat həzm edə bilir.

Bu bölgələrdə yaşayan insanlarda təzə süd içildikdən sonra qarında köp, qaz və narahatlıq yaranır. Səbəb isə parçalanmayan laktozanın bağırsaqlara düşərək bakteriyalar tərəfindən emal olunması və qaz əmələ gəlməsidir. Turşuməhsullarda isə laktoza artıq süd turşusuna çevrildiyi üçün bu cür problemlər daha az müşahidə olunur.

Mütəxəssislər vurğulayır ki, böyüklər üçün tam südün zərərli olub-olmaması fərdi xüsusiyyətlərdən asılıdır. Əgər orqanizm laktozanı yaxşı qəbul edirsə, süd sağlam qidalanmanın bir hissəsi ola bilər. Əks halda isə turşuməhsullara üstünlük verilməsi daha məqsədəuyğun sayılır.