Sağlam və incə bədən quruluşuna nail olmaq üçün gündəlik süfrədə tərəvəzlərin olması vacib sayılır. Foodinfo.az BB.LV saytına istinadən xəbər verir ki, sağlam qidalanma üzrə mütəxəssis və diyetoloq Trista Best artıq çəkinin azalmasına kömək edən tərəvəzlər barədə danışıb. Onun sözlərinə görə, düzgün seçilmiş tərəvəzlər həm toxluq hissini artırır, həm də kalori qəbulunu azaltmağa imkan verir. Diyetoloq xüsusilə karbohidrat miqdarı az olan tərəvəzlərə diqqət yetirməyi tövsiyə edir.

Trista Best ilk növbədə ispanağı fərqləndirib. Bu tərəvəz az kalorili olmaqla yanaşı, dəri və sümük sağlamlığı üçün vacib olan vitaminlərlə zəngindir. Onun sözlərinə görə, ispanaq istər salatlarda, istər smuzilərdə, istərsə də bişmiş halda rasionu dəmir və kalsiumla zənginləşdirir.

Diyetoloqun tövsiyə etdiyi digər tərəvəz qulançar cücərtiləridir. Qulançar lif, fol turşusu və antioksidantlarla zəngin olduğu üçün immun sistemini gücləndirir. Mütəxəssis bildirir ki, bu tərəvəz müxtəlif zülallı yeməklərlə birlikdə ideal garnir hesab olunur.

Siyahıda avokado da yer alıb. Texniki baxımdan meyvə sayılsa da, avokado daha çox tərəvəz kimi istifadə olunur. Onun tərkibində olan faydalı yağlar toxluq hissini artıraraq arıqlama prosesini dəstəkləyir.

Zukini isə yüksək su tərkibi ilə seçilir və orqanizmin maye balansını qorumağa kömək edir. Trista Best zukinidən hazırlanmış tərəvəz “əriştəsinin” aşağı karbohidratlı makaronlara yaxşı alternativ olduğunu qeyd edib. Diyetoloq bolqar bibərini də xüsusi vurğulayıb. Onun sözlərinə görə, bolqar bibəri istənilən formada vitamin, lif və zəngin dad mənbəyi olaraq sağlam qidalanmanın ayrılmaz hissəsi ola bilər.