Dondurma çoxlarının sevdiyi şirniyyat olsa da, onun istifadəsi ilə bağlı düzgün yanaşma vacibdir. Foodinfo.az bildirir ki, nutrisioloq Mariya Rumyantseva dondurmanın sağlamlıq mənbəyi deyil, daha çox zövq üçün istehlak olunan desert olduğunu vurğulayıb. Məlumata görə, mütəxəssis qeyd edir ki, bu məhsulun “faydalı” sayıldığı xüsusi bir norma yoxdur və əsas məsələ ümumi qidalanmanın balanslı olmasıdır. Yəni düzgün və müxtəlif qidalanan insanlar dondurmanı rasionlarına rahatlıqla əlavə edə bilərlər.
Ekspertin sözlərinə görə, optimal porsiya 70–100 qram arasında olmalıdır və bu şirniyyatı hər gün deyil, ara-sıra qəbul etmək tövsiyə edilir. Bundan əlavə, seçim zamanı məhsulun tərkibinə diqqət yetirmək vacibdir. Sadə tərkibli – süd və ya qaymaq, şəkər kimi əsas komponentlərdən ibarət dondurmalar daha üstün hesab olunur. Uzun siyahılı qatqılar, şərbətlər və şokolad əlavələri isə əlavə kalori və şəkər yükü yaradır.
Digər tərəfdən, mütəxəssislər bananın da qidalanmada roluna diqqət çəkir. Onun tərkibində olan triptofan maddəsi orqanizmdə serotonin və melatonin hormonlarının yaranmasına kömək edir ki, bu da əhval və yuxu keyfiyyətinə müsbət təsir göstərir. Eyni zamanda banan ürək üçün vacib olan kalium və immuniteti gücləndirən C vitamini ilə zəngindir.Lakin yüksək kalori və təbii şəkər tərkibinə görə bu meyvənin də ölçülü şəkildə istehlakı vacib sayılır.






