Gündəlik bişirmə prosesi zamanı qidaların tərkibindəki vitamin və mineralların bir hissəsi itə bilər. Lakin düzgün üsullar seçildikdə bu itkiləri minimuma endirmək mümkündür. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, mütəxəssislər qidaların faydalı xüsusiyyətlərini qorumaq üçün bir sıra vacib qaydalara əməl etməyi tövsiyə edir.

Məlumata görə, balığın ən faydalı hazırlanma üsulu qaynatma və ya buxarda bişirmə hesab olunur. Ət məhsulları, o cümlədən toyuq isə sobada və ya qril üsulu ilə, əlavə yağ istifadə etmədən hazırlanmalıdır. Tərəvəzlərin qızardılması isə onların tərkibindəki faydalı maddələrin böyük hissəsini məhv edir. Bu səbəbdən buxarda bişirmə və ya sobada hazırlama daha məqsədəuyğundur. Maraqlıdır ki, bəzi tərəvəzlər – məsələn, çuğundur və şalğam – istilik emalından sonra daha faydalı hala gəlir.

Taxıllar zəngin qida mənbəyi hesab olunduğundan onların düzgün bişirilməsi də önəmlidir. Bu məhsullar zəif odda, uzun müddətdə bişirilməlidir və güclü qaynamadan qaçınılmalıdır. Eyni zamanda, onların hazırlanmasında ət və ya toyuq bulyonundan istifadə etmək qida dəyərini artıra bilər.

Mütəxəssislər əlavə olaraq bildirir ki, tərəvəz və meyvələri bişirmədən əvvəl uzun müddət suda saxlamaq olmaz. Balıq və ətin buzunun açılması isə tədricən aparılmalıdır. Salatlar yalnız süfrəyə verilməzdən əvvəl souslanmalı, B vitamini ilə zəngin məhsullar isə hava keçirməyən qabda saxlanmalıdır. Ümumilikdə, minimal istilik emalı üsullarına üstünlük vermək qidaların faydasını qorumağa kömək edir.