Gündəlik həyatda geniş istifadə olunan kofein bir çox içki və qidada mövcuddur və orqanizmə həm müsbət, həm də mənfi təsir göstərə bilər. O, ayıqlığı artırır, enerjini yüksəldir və zehni fəaliyyəti stimullaşdırır. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, kofeinin təhlükəsiz miqdarını bilmək sağlamlıq baxımından böyük əhəmiyyət daşıyır.

Məlumata görə, bir fincan qəhvədə təxminən 90–100 mq kofein olur. Çay və qazlı içkilərdə bu göstərici 30–50 mq, kolada isə 35–45 mq civarındadır. Şokoladın 30 qramlıq porsiyasında 10–60 mq kofein ola bilər, enerji içkilərində isə bu miqdar 70–200 mq arasında dəyişir. Kofein beyində yuxuya cavabdeh reseptorları bloklayaraq enerjini artırır, diqqəti gücləndirir və iş qabiliyyətini yüksəldir.

Mütəxəssislər bildirir ki, əksər böyüklər üçün gündəlik maksimum təhlükəsiz kofein dozası təxminən 400 mq hesab olunur ki, bu da təxminən 4 fincan qəhvəyə bərabərdir. Lakin bu göstərici hər kəs üçün eyni deyil. Yaş, çəki, maddələr mübadiləsinin sürəti və ümumi sağlamlıq vəziyyəti kofeinə həssaslığa təsir edir. Hamiləlik dövründə, yüksək qan təzyiqi və ürək-damar problemləri olan şəxslərdə bu hədd daha aşağı olmalıdır.

Kofeinin həddindən artıq qəbulu isə narahatlıq, əsəbilik, yuxusuzluq, həzm problemləri, yüksək təzyiq və ürək ritmində dəyişiklik kimi fəsadlara səbəb ola bilər. Bundan əlavə, tez-tez sidiyə getmə, gün ərzində yorğunluq və diqqət dağınıqlığı da müşahidə oluna bilər. Bu səbəbdən kofein tərkibli məhsulların qəbuluna nəzarət etmək tövsiyə olunur.