Populyar sous olan mayonez yüksək kalorili tərkibi və bəzi zərərli əlavələri səbəbindən sağlamlıq üçün gizli təhlükə yarada bilər. Foodinfo.az bildirir ki, bunu endokrinoloq Margarita Belousova açıqlayıb.
Ekspertin sözlərinə görə, sənaye üsulu ilə hazırlanmış mayonezin əsas təhlükəsi onun tərkibidir. Çoxlu günəbaxan yağı məhsulu yüksək kalorili edir — 100 qramında təxminən 700 kkal. Bu yalnız çəki artımına səbəb olmur, həm də omega-6 yağ turşularının həddindən artıq qəbulu ürək-damar xəstəlikləri riskini yüksəldə bilər.
Digər risk isə transyağların əlavə edilməsidir. İstehsalçılar məhsulun saxlanma müddətini uzatmaq üçün bu maddələrdən istifadə edir. Transyağlar isə ateroskleroz riskini artırır.
Endokrinoloq mayonezdən tam imtina etməyi tövsiyə etmir, lakin onu məqbul miqdarda qəbul etmək vacibdir. Təhlükəsiz doza olaraq 500 qramlıq salata 2–3 yemək qaşığı mayonez, həftədə isə bir neçə dəfə artıq olmamaq məsləhət görülür.
Daha sağlam alternativ kimi Belousova salatların üzərinə təbi qatıq və ya kefir əlavə etməyi tövsiyə edir. Bu üsul yeməyin dadını qoruyur, amma sağlamlıq risklərini əhəmiyyətli dərəcədə azaldır.






