Darçın yalnız xoş ətri və dadı ilə deyil, sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə də seçilir. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, mütəxəssislər darçının tərkibindəki antioksidant və iltihabəleyhinə maddələrin bir sıra xəstəliklər zamanı orqanizmə müsbət təsir göstərdiyini bildirirlər.
Araşdırmalara görə, darçın yüksək xolesterin səviyyəsinin azalmasına kömək edə bilər. 2017-ci ildə aparılan tədqiqatda darçın əlavələrinin ümumi xolesterini və qanda yağların miqdarını azaltdığı qeyd olunub. Bunun səbəbi darçının qlükoza və yağ mübadiləsinə təsir göstərməsi, insulinin təsirinə həssaslığı artırması ilə izah edilir. Lakin mütəxəssislər vurğulayır ki, darçın dərman müalicəsini və sağlam həyat tərzini əvəz etmir.
Darçın ikinci tip şəkərli diabet zamanı da faydalı hesab olunur. Məlumata görə, gündəlik az miqdarda darçın qəbulu qanda şəkərin səviyyəsinin azalmasına və insulinə davamlılığın zəifləməsinə kömək göstərə bilər. Bununla yanaşı, darçının revmatoid artrit zamanı ağrı və iltihabı azaltmaq xüsusiyyəti olduğu bildirilir. Onun tərkibindəki maddələr iltihab göstəricilərini aşağı salaraq oynaq ağrılarını yüngülləşdirə bilər.
Mütəxəssislər darçının ağız boşluğu üçün də faydalı olduğunu qeyd edirlər. Darçın yağı mikrobəleyhinə təsir göstərir və ağızda bakteriyaların çoxalmasının qarşısını qismən ala bilər. Bununla belə, darçın diş təmizliyini və digər gigiyenik vasitələri əvəz etmir, yalnız əlavə dəstək rolunu oynayır.
Darçının arterial təzyiqin aşağı salınmasına da müsbət təsiri ola biləcəyi bildirilir. Bu təsirin iltihabın azalması və maddələr mübadiləsinin yaxşılaşması ilə bağlı olduğu vurğulanır. Lakin təzyiq xəstələri üçün darçın əsas müalicə vasitəsi hesab edilmir və həkim məsləhəti mütləqdir.
Bundan əlavə, darçın aybaşı dövründə yaranan sancıların və qanaxmanın azalmasına kömək edə bilər. Onun tərkibindəki maddələr uşaqlıq əzələlərinin yüngül rahatlamasına və ağrının azalmasına şərait yaradır. Mütəxəssislər darçının çay şəklində və ya yeməklərə əlavə edilərək qəbul oluna biləcəyini bildirirlər. Bununla yanaşı, həddindən artıq darçın istifadəsinin, xüsusilə bəzi növlərinin qaraciyər üçün zərərli ola biləcəyi də xatırladılır.






