Qazlı içkilərin tərkibindəki şəkərin miqdarı insan orqanizmi üçün təhlükəli həddə çatır. Foodinfo.az xəbər verir ki, həkim-qidalanma mütəxəssisi Yekaterina Guzman bir stəkan qazlı içkidə insanın gündə qəbul etməli olduğu şəkərin tam miqdarının olduğunu bildirib.
Onun sözlərinə görə, insan üçün təhlükəsiz şəkər norması gündə 25–30 qram, yəni təxminən 6 çay qaşığı hesab olunur. Lakin bir çox insanlar bu göstəricini bir neçə dəfə aşır. Mütəxəssis deyib ki, Rusiya əhalisinin orta hesabla gündə 100–120 qram şəkər qəbul etdiyi müəyyən edilib. Bu isə tövsiyə olunan miqdardan dörd dəfə çoxdur.
Guzman bildirib ki, insanlar yalnız açıq şəkildə əlavə olunan şəkəri deyil, həm də emal olunmuş qidalardakı gizli şəkəri nəzərə almalıdırlar. Çünki bu məhsullar da orqanizmdə şəkərin miqdarını artırır, bu isə piylənmə, şəkərli diabet və ürək-damar xəstəliklərinin yaranma riskini gücləndirir.
Qidalanma üzrə başqa bir mütəxəssis, həkim Larisə Nikitina isə bildirib ki, düzgün seçilmiş qidalar — o cümlədən bəzi un məmulatları — orqanizm üçün faydalı ola bilər. Onun sözlərinə görə, makaron kimi məhsullar karbohidrat, zülal, lif, vitamin və minerallarla zəngindir, lakin onları şəkərli və qazlı içkilərlə birlikdə qəbul etmək düzgün deyil.
Guzman xəbərdarlıq edib ki, müntəzəm olaraq qazlı içkilər içən insanlar qısa müddətdə asılılıq yaradır və bədən artıq şəkərə öyrəşir. Nəticədə enerji artımı kimi görünən hal əslində qanda şəkərin ani qalxması və sonra sürətlə düşməsi ilə müşayiət olunur ki, bu da yorğunluq, baş ağrısı və əsəbilik kimi hallar yaradır.
Mütəxəssis bildirib ki, sağlam həyat tərzini qorumaq üçün ən yaxşı seçim təmiz su, bitki çayları və şəkərsiz təbii içkilərdən istifadə etməkdir. Onun fikrincə, qazlı içkilərdən imtina edən insanın həm enerjisi, həm də ümumi sağlamlıq göstəriciləri qısa zamanda yaxşılaşır.






