Ürək-damar xəstəliklərinin qarşısının alınmasında bəzi gözlənilməz qidaların mühüm təsir göstərdiyi müəyyən olunub. Alimlər bildirirlər ki, canlı mikroorqanizmlərlə zəngin mayalanmış qidalar qanda zərərli xolesterinin azalmasına kömək edir. Foodinfo.az “Nutrition Research” jurnalına istinadla xəbər verir ki, Avstraliyanın Nyukasl Universitetində aparılan araşdırma bu məhsulların ürək sağlamlığına müsbət təsir göstərdiyini üzə çıxarıb.

Tədqiqat nəticələrinə görə, mütəmadi olaraq kefir, qatıq və digər mayalanmış qidalar qəbul edən şəxslərdə bədən çəkisinin daha aşağı olduğu, bel dairəsinin azaldığı və qanda şəkərin daha yaxşı tənzimləndiyi müşahidə edilib. Həmçinin bu şəxslərdə yüksək sıxlıqlı lipoproteinlərin, yəni “yaxşı” xolesterinin səviyyəsinin daha yüksək olduğu müəyyənləşdirilib. Mütəxəssislər izah edirlər ki, yaxşı xolesterin artıq yağları qan dövranından qaraciyərə daşıyaraq orada zərərsizləşdirilməsinə şərait yaradır və bununla da damarların tutulmasının qarşısını alır. Əks halda zərərli xolesterin damar divarlarında toplanaraq infarkt, insult və yaddaş zəifləməsi riskini artırır.

Araşdırma çərçivəsində 200 məşhur qida məhsulu təhlil olunub və onların tərkibindəki canlı mikroorqanizmlərin miqdarı qiymətləndirilib. Ən yüksək göstərici qatıq və xamada qeydə alınıb, bir sıra digər məhsullar isə orta səviyyədə qiymətləndirilib. Üç aydan altı aya qədər davam edən müşahidələr zamanı 58 sağlam yetkin şəxsin göstəriciləri izlənilib və canlı mayalanmış qidalara üstünlük verənlərin sağlamlıq göstəricilərinin daha əlverişli olduğu müəyyən edilib. Alimlər hesab edirlər ki, bu təsir yoğun bağırsaqda yaranan qısa zəncirli yağ turşuları ilə bağlıdır və həmin maddələr maddələr mübadiləsini tənzimləyərək iltihabı azaldır.