Qəhvə dünyada ən çox araşdırılan içkilərdən biri hesab olunur və düzgün miqdarda qəbul edildikdə orqanizmi bir sıra ciddi xəstəliklərdən qoruya bilir. Mütəxəssislər bildirirlər ki, bu içki yalnız ayıltmaqla kifayətlənmir, həm də sağlamlığa müsbət təsir göstərir. Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, biokimyaçı və qidalanma üzrə mütəxəssis Anna Divinskaya qəhvənin bir neçə mühüm xəstəliyin yaranma riskini azaltdığını açıqlayıb.
Onun sözlərinə görə, qəhvənin müntəzəm istifadəsi parkinson xəstəliyinin, ikinci tip şəkərli diabetin və bəzi qaraciyər xəstəliklərinin inkişaf ehtimalını aşağı salır. Bu təsir əsasən qəhvənin tərkibində olan fəal maddələrin beyin fəaliyyətinə təsiri və orqanizmdə iltihabi proseslərin azalması ilə əlaqələndirilir. Bildirilir ki, qəhvə yorğunluq hissini azaldır, diqqəti artırır və hüceyrələri zədələnmədən qoruyan maddələrlə zəngindir. Lakin faydalı təsir yalnız ölçülü istifadə zamanı özünü göstərir.
Mütəxəssis vurğulayır ki, sağlam yetkin insan üçün gün ərzində iki-üç fincan qəhvə kifayət hesab olunur və həddin aşılması yuxusuzluq, ürəkdöyünmə və təzyiq artımı kimi arzuolunmaz hallara səbəb ola bilər. Ağır təzyiq xəstəliyi, ürək ritm pozuntusu və mədə yarası olan şəxslərə qəhvə məsləhət görülmür. Hamilə qadınlara isə gündəlik miqdarı daha da azaltmaq tövsiyə edilir, çünki normadan artıq qəbul dölün inkişafına mənfi təsir göstərə bilər. Bundan əlavə, qəhvənin orqanizmdən kalsiumun xaric olmasını sürətləndirdiyi qeyd edilir və sümük zəifliyinə meyilli şəxslərin qida rasionunda bu məqamı nəzərə almaları tövsiyə olunur.






