Ağbaş kələm görünüşcə hamıya bənzəsə də, duza qoymaq üçün hər növ kələm uyğun deyil. Foodinfo.az xəbər verir ki, düzgün seçilməmiş kələm nəticədə nə xırtıldayan, nə də ləzzətli alınır, əksinə, yumşaq və dadsız olur. 

Duzlu kələm hazırlamaq üçün uyğun növ seçmək çox vacibdir. Əks halda, payızın ən sevilən qəlyanaltısı uğursuz nəticələnə bilər. Gəlin, kələm alarkən ən çox buraxılan beş səhvə nəzər salaq.

1. Erkən yetişən sortlar

Yayda yetişən erkən kələm çox boş və zərif quruluşludur. Belə kələm duza qoyulduqda tez yumşalır və püre kimi dağılır. Onun yarpaqları nazik, bir qədər büzməli, baş hissəsi isə boş olur. Bu növ yalnız salatlar üçün uyğundur. Duzlama üçün isə baş hissəsi sıx olan, barmağı basanda asanlıqla batmayan kələm seçilməlidir.

2. Sıx formalaşmamış baş hissə

Bəzən orta və ya gec yetişən kələmlər də boş ola bilər – bu halda baş hissə tam formalaşmadığından, duzlananda yumşaq və süzülmüş kimi olur. Belə kələm duza qoymaq üçün yararsızdır.

3. Çox bərk yarpaqlar

Bütün qış növləri duzlamağa uyğun deyil. Bəzilərinin yarpaqları o qədər bərk olur ki, duz və turşu içinə keçmir, doğranarkən də sərt qalır. Bu cür kələm bişmiş yeməklərə, xüsusilə uzun müddət bişən xörəklərə uyğundur. Duzlama üçün isə yarpaqları sıx, amma çox sərt olmayan, yuxarı hissəsi bir qədər yastı formaya malik başlar seçilməlidir.

4. Çatlamış kələm başı

Yağışdan sonra suyu çox çəkmiş kələmlər tez-tez çatlayır. Belə başları duza qoymaq olmaz, çünki bu kələmlər acı dad verir və duzlu zamanı tez yumşalır. Həmçinin çürüməyə başlamış kələmlər də istifadə üçün qətiyyən yararlı deyil.

5. Solmuş və qurumuş kələm

Yarpaqları solmuş və ya qurumuş kələm də duza qoymaq üçün münasib deyil. Onlarda su az olduğuna görə duzlanma prosesi baş vermir. Ən ideal kələm – gec yetişən, sıx, ağır, ağ rəngli, zədəsiz, təzə və şirəli olandır. Onu əllə duzlayarkən bol su buraxmalıdır – bu, keyfiyyətli duzlu kələmin əsas göstəricisidir.