Ürək sağlamlığının qorunmasında əsas rol oynayan qidalar çox zaman gündəlik menyumuzda olur, lakin onların düzgün seçilməsi və miqdarı həyati əhəmiyyət daşıyır. Foodinfo.az xəbər verir ki, rusiyalı terapevt Oksana Pivovarova ürək və damar sisteminin sağlamlığı üçün ən vacib elementləri və onların əsas mənbələrini sadalayıb.
Mütəxəssisin sözlərinə görə, kalium miokardın distrofiyasına qarşı əsas qoruyucu elementdir. Bu elementi bərpa etmək üçün ərzaq rasionuna ərik, banan, çiyələk, qara qarağat, qoz-fındıq, qaraciyər və az yağlı süd məhsulları daxil edilməlidir. Həkim xəbərdarlıq edib ki, bəzi meyvələrdə şəkərin miqdarı çox olduğundan, ürək xəstəliyi olanlar bunları ölçülü şəkildə qəbul etməlidirlər.
Pivovarova maqneziumun da damarların tonusu və elastikliyi üçün vacib olduğunu bildirib. Bu mineralla zəngin məhsullar arasında paxlalılar, yerkökü, çiyələk, avokado və müxtəlif dənli bitkilərdən hazırlanmış sıyıqlar – xüsusilə qarabaşaq, yulaf və buğda – mühüm yer tutur.
Həkim qeyd edib ki, omeqa-3 yağ turşuları ürək əzələsinin metabolizmini gücləndirir, onun yığılma qabiliyyətini artırır və “pis” xolesterinin səviyyəsini azaldır. Bu maddələr əsasən qırmızı balıq növlərində – xüsusilə losos və tunisdə, həmçinin zeytun yağında mövcuddur.
Pivovarova həmçinin vurğulayıb ki, ət məhsulları seçilərkən az yağlı növlərə – mal, dana, dovşan və toyuq ətinə üstünlük verilməli, toyuq dərisi və yağlı hissələr yeməkdən əvvəl çıxarılmalıdır.
Sonda terapevt əlavə edib ki, müxtəlif ədviyyatlar yeməklərə dad versə də, onların artıq istifadəsi ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Buna görə də həkim sağlam ürək üçün balanslı, təbii və sadə qidalanma tərzini tövsiyə edib.






