Bəzi insanlar fərqinə varmadan gündəlik menyusunda sümük sağlamlığını zədələyən məhsullardan istifadə edir. Foodinfo.az xəbər verir ki, həkim-endokrinoloq İrina Zyatikova sümüklərin möhkəmliyinə mənfi təsir göstərən bir sıra qidaları sadalayıb.
Mütəxəssisin sözlərinə görə, bu qidalar orqanizmdə kalsiumun sorulmasını azaldır və onun sümüklərdən xaric olunmasını sürətləndirir.
Duz – sümüklərin əsas düşmənlərindən biridir. Orqanizm artıq natriumu xaric edərkən eyni zamanda kalsiumu da itirir. Duz təkcə kolbasa və yarımfabrikatlarda deyil, həm də souslarda və hətta çörəkdə də olur.
Şəkər – orqanizmdə turş mühit yaradır və bədən bu turşuluğu neytrallaşdırmaq üçün sümüklərdən kalsium alır. Bundan başqa, şəkər bağırsaqda kalsiumun sorulmasına mane olur.
Kofein – gündə iki fincandan çox qəhvə içmək kalsiumun mənimsənilməsini zəiflədir. Qəhvəni çox sevənlərə menyularına süd məhsulları əlavə etmək tövsiyə olunur.
Qazlı içkilər – xüsusilə tünd rəngli içkilər, məsələn, kola, tərkibindəki ortofosfor turşusu səbəbindən bədəndə fosfor-kalsium balansını pozur və kalsiumun sümüklərdən çıxmasına gətirib çıxarır.
Spirtli içkilər – kalsium və D vitamini udulmasını pozur, həm də sümük toxumasını yeniləyən hüceyrələrin fəaliyyətini zəiflədir.
Endokrinoloq əlavə edib ki, bəzi “faydalı” hesab edilən məhsullar da – məsələn, kəpək, ispanaq və çuğundur – tərkibindəki fitin və şavel turşularına görə kalsiumla birləşərək onun mənimsənilməsinə mane ola bilər. Bu təsiri azaltmaq üçün düyü, dənli bitkilər və paxlalar bişirməzdən əvvəl suda isladılmalıdır.
Zyatikovanın fikrincə, sümük sağlamlığını qorumağın əsas yolu balanslı qidalanmaq, duz və şəkərin miqdarını azaltmaq, daha çox təzə tərəvəz, meyvə və süd məhsullarına üstünlük verməkdir.






