
Cərrahların fikrincə, gündəlik qidalanmada ən faydalı ət növü toyuq ətidir. Foodinfo.az bildirir ki, bu barədə Dövlət Maarif Universitetinin tibb fakültəsinin müəllimi, cərrah Aleksandr Umnov açıqlama verib. Onun sözlərinə görə, toyuq əti həm daxili orqanların fəaliyyətinə, həm də insanın xarici görünüşünə müsbət təsir göstərir.
Mütəxəssis qeyd edib ki, toyuq ətinin tərkibində A, B, C və H vitaminləri ilə yanaşı, kalium, maqnezium, sink, dəmir və fosfor kimi vacib minerallar mövcuddur. Bu maddələr orqanizmi gücləndirir, enerji balansını qoruyur və sağlam qidalanmanın əsasını təşkil edir.
Umnov bildirib ki, xüsusən daha yağlı hissələr – bud və digər bölgələr – dəriyə cavanlıq bəxş edir, dırnaqları və saçları möhkəmləndirir. Bunun səbəbi isə toyuq ətində olan faydalı yağ turşularıdır.
Cərrah vurğulayıb ki, toyuq əti digər ət növlərinə nisbətən daha az yağlı və kimyəvi tərkibinə görə orqanizm üçün daha uyğundur. O, əlavə edib ki, qırmızı ət və ya digər növlərin çox yağlı və qızardılmış formada qəbul edilməsi bədəndə oksidləşməyə, iltihabi proseslərin sürətlənməsinə və nəticədə yaşlanmanın tezləşməsinə səbəb ola bilər.
Mütəxəssis həmçinin xatırladıb ki, sağlam qidalanmanın əsas prinsipi hər bir məhsuldan ölçülü və balanslı şəkildə istifadə etməkdir. Onun fikrincə, toyuq əti gündəlik rasionda sabit yer tuta biləcək ən faydalı qida məhsullarından biridir.