Sürətli qəlyanaltılar bir çoxları üçün rahat seçim olsa da, sağlamlıq baxımından ciddi risk daşıyır. Foodinfo.az xəbər verir ki, endokrinoloq-dietoloq Anton Polyakov kolbasa və pendirlə hazırlanan sendviçlərin gündəlik qidalanmadan çıxarılmasını tövsiyə edib.

Mütəxəssisin sözlərinə görə, kolbasa məhsullarının təhlükəsiz qəbul norması mövcud deyil. O, vurğulayıb ki, bu məhsullar əsl ət sayılmır və tərkibindəki müxtəlif qatqılar orqanizmə zərər verir.

Polyakov bildirib ki, bədənin hüceyrələrinin yenilənməsi, hormonların düzgün istehsalı və reseptorların sağlam fəaliyyəti üçün təbii və tam dəyərli qidalar qəbul olunmalıdır.

Digər tərəfdən, “Gemotest” laboratoriyasının eksperti, qastroenteroloq Yekaterina Kaşux da sağlam qidalanma ilə bağlı xəbərdarlıq edib. O, xüsusilə həzm sistemi və maddələr mübadiləsi xəstəliklərindən əziyyət çəkən insanlara yağlı və unlu piroqlardan uzaq durmağı məsləhət görüb.

Həkimin sözlərinə görə, şəkərli diabet, piylənmə və ürək-damar xəstəlikləri olan şəxslər üçün belə qidalar daha təhlükəlidir. Kaşux əlavə edib ki, onlar üçün ən düzgün seçim qlütensiz undan – düyü, qarabaşaq, qarğıdalı və ya badam unundan hazırlanan sağlam alternativlər ola bilər.

Mütəxəssislər vurğulayır ki, düzgün seçim edilmiş rasion həm xəstəliklərin qarşısını alır, həm də həyat keyfiyyətini yaxşılaşdırır.