
Şirniyyat sevənlər üçün xoş olmayan xəbər var. Foodinfo.az xəbər verir ki, endokrinoloq Marqarita Belousova podaqradan əziyyət çəkən insanlara şokoladın qəbulunu ciddi şəkildə məhdudlaşdırmağı tövsiyə edib.
Mütəxəssisin sözlərinə görə, şokoladın tərkibində olan maddələr orqanizmdə purinlərin səviyyəsini yüksəldir. Bu isə nəticə etibarilə sidik turşusunun artmasına səbəb olur və xəstəliyin gedişatını ağırlaşdırır. Belousova əlavə edib ki, bu vəziyyət podaqrası olan pasiyentlərdə tez-tez ağrı və iltihabla müşayiət oluna bilər.
Həkim həmçinin vurğulayıb ki, şokolad təkcə podaqra xəstələri üçün deyil, həm də mədə-bağırsaq sistemində xroniki problemləri olan şəxslər üçün risklidir. Xüsusilə xəstəliklərin kəskinləşdiyi dövrdə şokolad rasiondan tamamilə çıxarılmalıdır.
Mütəxəssis hər kəsə tövsiyə edib ki, hər hansı sağlamlıq problemi və ya şübhə yarandıqda şokoladın istifadəsi barədə mütləq terapevt və ya həkimlə məsləhətləşsinlər. Onun sözlərinə görə, düzgün qidalanma və mütəxəssis məsləhəti podaqra xəstələrinin vəziyyətini sabit saxlamaqda mühüm rol oynayır.