
Qaraciyər və maddələr mübadiləsi xəstəlikləri ilə bağlı aparılan son araşdırmalar çayın insan orqanizminə müsbət təsirini bir daha göstərib. Foodinfo.az xəbər verir ki, “Sağlam qidalanma” adlı elmi tədqiqat mərkəzinin rəhbəri, diyetoloq və qidalanma üzrə mütəxəssis Nuriyə Dianova çayın qaraciyərin piylənməsi və podaqra kimi xəstəliklərdə faydalı olduğunu bildirib.
Onun sözlərinə görə, araşdırmalar göstərir ki, çayın tərkibindəki təbii maddələr orqanizmdə zərərli sərbəst birləşmələri azaldır və hüceyrələrin yenilənməsini sürətləndirir. Bu təsir sayəsində çay qaraciyər fəaliyyətini dəstəkləyir və piy toplanmasının qarşısını alır.
Diyetoloq qeyd edib ki, çayın orta miqdarda içilməsi həmçinin orqanizmdə sidik turşusunun yığılmasını azaldaraq podaqra riskini aşağı salır. O vurğulayıb ki, bu içki qan dövranını yaxşılaşdırır, maddələr mübadiləsini aktivləşdirir və ümumi enerji balansına müsbət təsir göstərir.
Bununla yanaşı, Dianova xəbərdarlıq edib ki, çayı həddindən artıq içmək düzgün deyil. Çox miqdarda qəbul edildikdə o, bəzi dərmanların təsirini zəiflədə bilər və yuxu pozğunluqlarına səbəb ola bilər.
Mütəxəssis məsləhət görür ki, çay gündə 2–3 stəkandan artıq içilməsin və süni dadlandırıcılardan uzaq durulsun. O bildirib ki, təbii çay həm dadına, həm də sağlamlığa görə ən düzgün seçimdir.