Qidalanma vərdişlərində ən çox müzakirə olunan məsələlərdən biri də balıq və süd məhsullarının birlikdə yeyilib-yeyilməməsi ilə bağlıdır. Uzun illərdir bu iki qidanın birgə istehlakının dəri ləkələrinə və ya allergiyaya səbəb ola biləcəyi iddia olunur.
Foodinfo.az xəbər verir ki, bu mövzuda elmə əsaslanan sübutlar azdır, lakin bəzi hallarda həssas orqanizmli insanlarda mənfi təsirlər mümkündür.
Qida mütəxəssisləri bildirirlər ki, balıq zülalla, süd isə kalsium və yağla zəngin qidalardır. Hər iki məhsul ağır həzm olunan qidalar qrupuna daxildir. Onların eyni anda istehlakı mədədə həzm prosesini ləngidə, qarın ağrısı, köp və qaz yarada bilər.
Bəzi hallarda isə balıq və süd bir yerdə yeyildikdə bakterial aktivlik artaraq qida toksinləri əmələ gətirə bilər. Bu isə xüsusilə mədə və bağırsaq xəstəliyi olan şəxslər üçün risklidir.
Dermatoloqların sözlərinə görə, balıq və süd birləşməsi allergik dəri reaksiyalarına, bəzən də pigment ləkələrinin yaranmasına səbəb ola bilər.
Bununla belə, sağlam insanlarda bu iki məhsulun birlikdə istifadəsi az miqdarda və düzgün bişirildikdə ciddi problem yaratmır. Məsələn, balıq souslu süd əsaslı yeməklər bəzi mətbəxlərdə geniş istifadə olunur.
Bir sözlə, elm bu iki qidanın birləşməsinin zərərli olduğunu tam sübut etməsə də, həssas mədə, allergiya və dəri problemi olan şəxslərə balıqla südü eyni yeməkdə qəbul etməmək tövsiyə edilir.






