Nestle və dünyanın ən böyük qəhvəxana şəbəkələrindən biri olan Starbucks arasında 7,15 milyard dollar dəyərində tərəfdaşlıq müqaviləsi imzalanıb. İsveçrənin qida nəhəngi Nestle, bu müqavilə ilə Starbucks məhsullarını Starbucks mağazaları xaricində satmaq hüququ qazanıb. Bununla yanaşı, Starbucks nəzdindəki 500 personal da Nestle heyətinə transfer olacaq. Müqaviləyə görə Nestle, illik satışları 2 milyard dollar məbləğində olan ABŞ-ın Starbucks şirkətinə nağd olaraq 7.15 milyard dollar avans ödəyəcək. Nestle, müqavilənin, şirkətin mənfəətinə və böyümə hədəflərinə müsbət bir töhfə verəcəyini  gözləyir. Starbuck tərəfindən verilən açıqlamada, müqavilə ilə əldə edilən qazancın səhmlərin geri aınmasına istifadə ediləcəyi qeyd olunub. Şirkət, geri alışlar və dividend ödəmələri vasitəsilə 2020-ci maliyyə ilinin sonuna qədər təxminən 20 milyard dollar gəlir təmin etməyi nəzərdə tutur. Starbcuks-ın İcraçı direktoru Kevin Johnson, məsələyə dair bir açıqlama verərək, "Starbucks qəhvələri Nestle-nin dünyaya çıxış imkanları və etibarı ilə milyonlarla evə daxil olacaq",- deyib. Starbucks, 2017-nin son rübündə çay markası Tazo-yu 384 milyon dollara Unilever-ə satmışdı. (Marja)