Gecə saatlarında duzlu qidaların qəbulu ürək və damar sağlamlığı üçün təhlükəlidir. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, kardioloq Yelena Solomko bu vərdişin qan təzyiqinə və yuxu keyfiyyətinə necə təsir etdiyini açıqlayıb.
Məlumata görə, açıqlama RBC-Ukraine saytında yayımlanıb. Həkim bildirir ki, gecə duz qəbulu qan təzyiqinin normal gecə azalmasını pozur və ürək-damar sistemini əlavə yükləyir. Bu vəziyyət, xüsusilə səhərlər, infarkt və digər kardioloji problemlərin riskini artırır.
Eyni zamanda, gecə böyrəklər natriumu daha zəif çıxarır, maye orqanizmdə saxlanılır, ödem və ağırlıq hissi yaranır. Duz sinir sistemini aktivləşdirir, susuzluq və tez-tez tualetə getmə ehtiyacı yaradır, nəticədə dərin yuxu fazası pozulur.
Mütəxəssis tövsiyə edir ki, axşam yeməyində duza nəzarət edilsin, hazır qida, duzlu qəlyanaltı və turşular azaldılsın. Bu sadə dəyişikliklər təzyiqin tənzimlənməsinə, yuxu keyfiyyətinin yaxşılaşmasına və ürəyə düşən yükün azalmasına kömək edir.






