Pizza həm dadlı, həm də nisbətən tarazlaşdırılmış seçim ola bilər. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, həkim-diyetoloq Yelena Solomatina mütəxəssislərin ən məqbul hesab etdiyi pizza növünün hansını olduğunu açıqlayıb.
Məlumata görə, bu barədə yazı Gastronom.ru saytında dərc olunub. Həkimin sözlərinə görə, ən uyğun seçim klassik “Marqarita” pizzasıdır. Bu növ sadə tərkibi ilə seçilir: pomidor, pomidor sousu, pendir və göyərti.
Mütəxəssis bildirir ki, əsas üstünlük pomidorun tərkibində olan likopin maddəsidir. Bu bitki mənşəli piqment orqanizmdə zərərli oksidləşmə proseslərini azaldır, ürək və damar sağlamlığını dəstəkləyir. Eyni zamanda hüceyrələri vaxtından əvvəl qocalmadan qorumağa kömək edir. Qeyd olunur ki, bişirmə zamanı likopin parçalanmır, əksinə orqanizm tərəfindən daha yaxşı mənimsənilir.
Həkim məsləhət görür ki, pizza seçərkən xəmirin nazik olmasına diqqət edilsin. Nazik xəmir daha az tez həzm olunan karbohidrat ehtiva edir. Üzərinə əlavə edilən təzə göyərti isə lif, B qrupu vitaminləri və qoruyucu maddələrlə zəngindir.
Bununla belə, mütəxəssis vurğulayır ki, pizza pəhriz qidası sayılmır və porsiya nəzarəti vacibdir. Onu tərəvəz salatı ilə birlikdə qəbul etmək və gündəlik vərdişə çevirməmək daha məqsədəuyğundur. Nəticə etibarilə, seçim edərkən “Marqarita” dad və fayda arasında ən tarazlı variant hesab olunur.






