Sadə gündəlik gəzinti beyinin fəaliyyətinə düşündüyümüzdən daha çox təsir edir. Foodinfo.az xəbər verir ki, açıq havada edilən 30 dəqiqəlik gəzinti yaddaş, diqqət və emosional tarazlıq üçün mühüm dəstək rolunu oynayır. Harvard Universitetinin nevroloqu Dr. Scott Small “New York Times” qəzetinə açıqlamasında bildirib ki, gündəlik piyada gəzmək beyin hüceyrələri arasındakı əlaqələri gücləndirir.

Onun sözlərinə görə, təmiz havada hərəkət etmək qan dövranını artıraraq beyinə daha çox oksigen çatdırır. Bu proses həm də yeni neyronların yaranmasına yardım edir. Dr. Small qeyd edib ki, hətta ofis fasilələrində qısa gəzintilər belə beyin fəaliyyətinə müsbət təsir göstərir. O, xüsusilə təbiət içində edilən gəzintilərin daha faydalı olduğunu vurğulayıb. Çünki yaşıllıq, quş səsləri və günəş işığı beyində xoşbəxtlik hormonlarının ifrazını artırır.
Mütəxəssis bildirib ki, bu, həm də stress hormonunun azalmasına səbəb olur. Araşdırmalara görə, müntəzəm gəzinti edən insanlarda depressiya riski 25% daha az olur. Dr. Small əlavə edib ki, gəzinti idman zalı məşqləri qədər təsirli ola bilər.

O, bunu xüsusilə yaşlı insanlara məsləhət görür, çünki zədə riski minimaldır. Gəzinti həm də yuxu keyfiyyətini artıraraq beyinin gecə istirahətini gücləndirir. Bu isə gündüz daha aydın düşünmək və qərarverməni asanlaşdırır. Mütəxəssis yekunda bildirib ki, piyada gəzmək sadə, lakin çox güclü beyin təlimidir.