Stress və yuxusuzluğa qarşı təbii və əlçatan vasitə axtaranlar üçün maraqlı məlumat açıqlanıb. Mütəxəssislər bildirirlər ki, gündəlik qidalanmada tez-tez istifadə olunan noxud sinir sisteminə müsbət təsir göstərə bilər.
Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, nutrisioloq və məşqçi Olqa Yablokovanın sözlərinə görə, noxudun əsas üstünlüklərindən biri onun yüksək maqnezium tərkibidir. Bu mineral stressin azalmasına və yuxu keyfiyyətinin yaxşılaşmasına kömək edir. Bundan əlavə, quru noxudun 100 qramında təxminən 20–23 qram zülal mövcuddur.
Mütəxəssis qeyd edir ki, noxuddan hazırlanan yeməklər uzun müddət toxluq hissi yaradır və tez-tez qəlyanaltı etməyin qarşısını alır. Məhsulun tərkibində həmçinin maddələr mübadiləsində və sinir sisteminin fəaliyyətində mühüm rol oynayan B qrupu vitaminləri də var.
Bundan başqa, noxud kalium və dəmir kimi vacib elementlərlə zəngindir. Kalium ürəyin sağlam fəaliyyətini dəstəkləyir, dəmir isə qanda hemoglobinin normal səviyyədə qalmasına kömək edir. Məhsulun tərkibindəki həll olunan və həll olunmayan qida lifləri isə xolesterinin azalmasına və bağırsaqların fəaliyyətinin yaxşılaşmasına müsbət təsir göstərir.






