Son illərdə sağlam qidalanma ilə maraqlanan insanların rasionunda Çia toxumu daha çox yer almağa başlayıb. Kiçik ölçülü bu toxumlar zəngin qida dəyərinə malikdir və orqanizm üçün bir sıra faydalar təmin edir.
Foodinfo.az xəbər verir ki, çia toxumları yüksək miqdarda lif ehtiva edir. Bu xüsusiyyət mədədə toxluq hissinin daha uzun müddət qalmasına kömək edir və çəkiyə nəzarət etmək istəyən insanlar üçün faydalı hesab olunur.
Bundan əlavə, çia toxumları omega-3 yağ turşuları, zülal, kalsium, maqnezium və dəmir kimi vacib maddələrlə zəngindir. Bu maddələr ürək-damar sisteminin sağlamlığının qorunmasına, sümüklərin möhkəmlənməsinə və bədənin enerji ehtiyacının qarşılanmasına kömək edir.
Çia toxumlarının tərkibindəki lif bağırsaq fəaliyyətini dəstəkləyir və həzm sisteminin daha yaxşı işləməsinə kömək edir. Həmçinin bu toxumların qan şəkərinin daha stabil qalmasına da müəyyən təsiri olur.
Çia toxumları adətən qatıq, süd, sıyıq və smuzilərə əlavə edilərək istifadə olunur. Dietoloqlar isə onların gündəlik rasiona ölçülü şəkildə daxil edilməsini tövsiyə edirlər.






