Uzun illər ərzində qəhvənin ürək ritmi pozuntusu olan insanlar üçün zərərli ola biləcəyi barədə fikir geniş yayılmışdı. Lakin yeni elmi araşdırmalar bu iddianın tam doğru olmadığını göstərir.

Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, ABŞ-ın Texas Universitetinin Cənub-Qərb Tibb Mərkəzinin alimləri mövcud elmi araşdırmaları təhlil edərək maraqlı nəticəyə gəliblər. Onların qənaətinə görə, qəhvənin orta miqdarda qəbulu ürək aritmiyası riskini artırmır, əksinə bəzi hallarda bu riski azalda bilər.

Araşdırma nəticələri 2021-ci ildə aparılmış başqa bir tədqiqatla da uyğunluq təşkil edir. Həmin tədqiqatda qəhvə istehlakının artmasının ürək çatışmazlığı riskinin azalması ilə əlaqəli ola biləcəyi göstərilmişdi. Bununla belə, mütəxəssislər qeyd edirlər ki, qəhvə hər kəs üçün eyni dərəcədə uyğun olmaya bilər.

Alimlərin sözlərinə görə, bəzi insanlarda kofeinə qarşı həssaslıq yüksək olur və bu, onların özünü pis hiss etməsinə səbəb ola bilər. Buna görə də xüsusilə ürək ritmində pozuntu və ya yüksək qan təzyiqi olan şəxslərə qəhvəni ehtiyatla qəbul etmək və zərurət olduqda həkimlə məsləhətləşmək tövsiyə olunur.