Manqo həm dadlı, həm də qidalı tropik meyvələrdən biridir. Lakin düzgün seçilmədikdə həm dad keyfiyyəti aşağı olur, həm də sağlamlıq üçün arzuolunmaz nəticələr yarana bilər.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, dietoloq Aleksey Kabanov manqo alarkən ilk növbədə meyvənin yetişmə dərəcəsinə diqqət yetirməyi tövsiyə edir. Onun sözlərinə görə, əgər meyvə həddindən artıq sərtdirsə və qabığı basdıqda elastiklik göstərmirsə, belə məhsulu almaq məqsədəuyğun deyil.
Mütəxəssis bildirir ki, keyfiyyətli manqonun iç hissəsi yumşaq, dadı yüngül şirin olmalı və qabıqdan asanlıqla ayrılmalıdır. Meyvə yüngülcə basdıqda bir qədər içəri çökürsə, rəngi vahiddirsə və üzərində ləkələr yoxdursa, bu, düzgün seçim hesab olunur.
Dietoloq əlavə edib ki, turş və çox sərt manqo mədə üçün zərərli ola bilər və həzm pozğunluğuna səbəb verə bilər. Buna görə də istehlakdan əvvəl meyvənin keyfiyyətinə əmin olmaq vacibdir.






