Alimlərin araşdırmalarına görə, insan orqanizmində qocalma prosesləri düşündüyümüzdən daha erkən başlayır. Mütəxəssislər bildirirlər ki, artıq 25 yaşdan sonra bədənin özünü bərpa etmə qabiliyyəti tədricən zəifləməyə başlayır.
Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, ailəvi nutrisoloq və parafarmasevt Yuliya Popova qocalma prosesinin əsas səbəblərindən və onu ləngitməyin yollarından danışıb.
Mütəxəssisin sözlərinə görə, erkən qocalmanın əsas səbəblərindən biri qlikasiya adlanan prosesdir. Bu zaman qlükoza molekulları kollagen liflərinə təsir göstərərək onları zədələyir. Nəticədə dəri elastikliyini itirir, solğun və daha sərt görünməyə başlayır. Bu prosesə genetika ilə yanaşı, həyat tərzi də ciddi təsir göstərir. Xüsusilə çox şirin və qızardılmış qidaların qəbulu, günəş şüalarına həddindən artıq məruz qalma və hərəkətsiz həyat tərzi qocalmanı sürətləndirə bilər.
Ekspert qeyd edir ki, düzgün qidalanma vasitəsilə bu prosesi müəyyən qədər yavaşlatmaq mümkündür. Bunun üçün rasiona yağlı balıq, giləmeyvələr, yaşıl çay, həmçinin zerdeçal və çəmən otu kimi ədviyyatlar daxil etmək tövsiyə olunur. Tərəvəzlər və qida lifləri də orqanizmin sağlam qalmasına kömək edir.
Mütəxəssis əlavə edir ki, uzunömürlülük üçün yalnız qidalanma kifayət deyil. Həftə ərzində ən azı 150 dəqiqə orta səviyyəli fiziki aktivlik, düzgün yuxu rejimi və dərinin günəşin ultrabənövşəyi şüalarından qorunması da mühüm rol oynayır.






