
Botulizm insan orqanizmini saniyələr içində iflic edə bilən nadir, lakin son dərəcə təhlükəli infeksiyadır.
Foodinfo.az xəbər verir ki, Rusiyanın “Gemotest” laboratoriyasının həkim-eksperti, nevroloq, tibb elmləri namizədi Yekaterina Demyanovskaya botulizmin əsas mənbəyi olan məhsullar barədə vacib xəbərdarlıq edib. Onun sözlərinə görə, Clostridium botulinum bakteriyasının ifraz etdiyi toksin dünyadakı ən güclü zəhərlərdəndir və sinir sisteminə zərbə vuraraq əzələlərin hərəkətini bloklayır, hətta nəfəs dayanmasına səbəb ola bilər.
Həkim bildirib ki, insanlar əksər hallarda artıq toksinlə çirklənmiş qidaları yeyərkən yoluxur. Xüsusilə keyfiyyətsiz konservlər, düzgün hazırlanmadığı üçün təhlükəli olan duzlanmış, hisə verilmiş və ya qurudulmuş balıq və ət məhsulları risk daşıyır. Evdə hazırlanan turşular və kompotlar da təhlükəlidir, əgər tərəvəz, meyvə və göbələklər yaxşı yuyulmayıbsa və bankalar kifayət qədər sterilizasiya olunmayıbsa.
Mütəxəssis qeyd edir ki, xəstəliyin ilk əlamətləri bəzən sadə zəhərlənməni xatırladır: ürəkbulanma, qusma və ümumi halsızlıq. Lakin qısa müddət sonra daha ağır əlamətlər yaranır – gözlərdə ikiləşmə, göz qapaqlarının sallanması, udqunma çətinliyi, “bulanıq” danışıq və bütün bədəndə güclü zəiflik. Bu halda vaxt itirmədən təcili tibbi yardım çağırmaq həyati vacibdir.
Demyanovskaya bildirir ki, profilaktika düzgün məhsul seçimi və saxlanmasından başlayır: küçədən, tanımadığınız şəxslərdən ev konservləri və qurudulmuş balıq almaq olmaz. Bankanın qapağı şişibsə və ya məhlul bulanıq görünürsə, məhsul dərhal atılmalıdır – bu, botulizm olmasa belə, digər mikrobların yaratdığı təhlükəli zəhərlənmə ola bilər. Ən qorxulusu isə odur ki, botulizmli məhsul zahirən və dad baxımından tam normal görünə bilər.
Nevroloq məsləhət görür ki, konservlər yeməzdən əvvəl mütləq yenidən qaynadılsın, çünki istilikdə botulotoksin parçalanır. O da vurğulanır ki, bakteriyanın özünü məhv etmək üçün 30 dəqiqə qaynatma tələb olunur, sporlarının məhvi isə 6 saatdan çox çəkir – buna görə də artıq açılmış və yenidən saxlanmış konservlər növbəti dəfə yeyilməzdən əvvəl yenə qaynadılmalıdır.
Mütəxəssis xəbərdarlıq edir: bir bankanın içində görünməyən bu təhlükə insan həyatına başa gələ bilər. Buna görə hər kəs ev konservasiyası və hazır ət-balıq məhsullarına qarşı daha məsuliyyətli yanaşmalıdır.