Peşəkar fəaliyyətdə emosional tükənmə çox insanın həyatında rast gəlinən problemdir. Foodinfo.az xəbər verir ki, biznes-psixoloq Viktoriya Xaritonova aif.ru-ya açıqlamasında bildirib ki, Rusiya əhalisinin yarısından çoxu iş zamanı emosional tükənmə ilə qarşılaşıb və onların yarısı bu səbəbdən işdən çıxıb.

SuperJob xidmətinin araşdırmasına görə, əməkçilərin 60%-i tükənmə hiss edib. Ən çox işdən çıxanlar isə aylıq gəliri 100 min rubldan aşağı olanlar olub (54%). Maraqlıdır ki, yalnız 23% rəhbərdən kömək istəyir və bunun 28%-də nəticəsi olur.

Xaritonova peşəkar tükənmənin dörd mərhələsini izah edib:

Yüksək motivasiya fazası – insan yuxu və istirahətindən imtina edir, çox işləyir.

Dalğalanma fazası – həftənin sonuna yaxın əsəbilik, yorğunluq artır, səhvlər görünməyə başlayır.

Xroniki stres – yuxu pozulur, yaddaş zəifləyir.

Tükənmə – emosional boşluq yaranır, empatiya və işə maraq itir.

Psixoloq tövsiyə edir ki, vəziyyəti qiymətləndirmək üçün özünü yoxlama siyahısından istifadə edin. Əgər son ayda beş və ya daha çox əlamət davamlı şəkildə təkrarlanırsa, bu vəziyyəti dəyişmək lazımdır.

Özünü yoxlama siyahısı:

Həftəsonu da keçməyən yorğunluq;

İş yoldaşları və müştərilərlə ünsiyyətdə əsəbilik;

İşləri təxirə salmaq və səhvlərin artması;

Təhsilə marağın azalması;

İşin mənasız görünməsi;

Tez-tez baş ağrıları, soyuqdəymə, qan təzyiqində dəyişiklik;

Yuxusuzluq və səhərlər özünü yorğun hiss etmək;

Emosional boşluq və təcrid olunmaq istəyi.

Başlanğıc mərhələdə özünü tənzimləmə kömək edə bilər: yuxu rejimini qaydaya salmaq, müntəzəm gəzintilər etmək, axşam iş bildirişlərini söndürmək, tapşırıqları paylamaq və mükəmməllikçilikdən uzaq durmaq.

Əgər insomniya, davamlı kədər və qan təzyiqi dəyişiklikləri müşahidə olunursa, mütləq mütəxəssisə müraciət etmək vacibdir.