Dəniz məhsulları arasında geniş istifadə olunan midiyanın həm sağlamlıq baxımından mühüm faydaları, həm də düzgün istehlak edilmədikdə ciddi zərərləri olduğu bildirilib.

Foodinfo.az xəbər verir ki, midiya zülal, omeqa-3 yağ turşuları, dəmir və B12 vitamini ilə zəngindir. Bu maddələr ürək-damar sisteminin sağlam qalmasına, beynin fəaliyyətinin güclənməsinə və immunitetin möhkəmlənməsinə kömək edir.

Midiyanın tərkibindəki A vitamini və selen dərinin və saçların sağlam görünməsini dəstəkləyir.

Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, midiyanın düzgün bişirilməməsi və ya təmizlənməməsi ciddi qida zəhərlənmələrinə səbəb ola bilər. Dəniz sularında toplanan ağır metallar və bakteriyalar insan sağlamlığı üçün təhlükə yaradır.

Bundan başqa, dəri səpkisi, qaşınma və nəfəs darlığı kimi allergik reaksiyalar da mümkündür. Xüsusilə hamilə qadınlara və uşaqlara midiya yemək məsləhət görülmür.

Midiya yalnız təhlükəsiz mənbədən alınmalı və tam bişirildikdən sonra yeyilməlidir. Həftədə bir dəfədən artıq istifadə olunmaması tövsiyə olunur.

Midiya doğru şəkildə hazırlandıqda orqanizm üçün dəyərli qida hesab olunur, amma diqqətsiz istehlak edildikdə sağlamlıq üçün risk yarada bilər.