Öd kisəsinin sağlam fəaliyyəti düzgün qidalanmadan birbaşa asılıdır.
Foodinfo.az xəbər verir ki, yanlış və yağlı qidalanma öd durğunluğuna, daş əmələ gəlməsinə və həzm problemlərinə səbəb ola bilər. Bu səbəbdən gündəlik rasionda öd kisəsini qoruyan qidalara üstünlük verilməsi tövsiyə olunur.
Tərəvəzlər, xüsusilə brokkoli, kələm, balqabaq, yerkökü və çuğundur öd axınını yaxşılaşdırır və həzm sistemini yüngülləşdirir. Bu tərəvəzlərin bişmiş və ya buxarda hazırlanmış formada qəbulu daha faydalı hesab edilir.
Meyvələr, o cümlədən alma, armud və nar liflə zəngin olduğuna görə öd durğunluğunun qarşısını almağa kömək edir. Xüsusilə qaynadılmış alma öd kisəsi həssas olan şəxslər üçün tövsiyə olunur.
Qidalanma üzrə ekspertlər bildirirlər ki, zeytun yağı və avokado kimi sağlam yağların az miqdarda qəbulu öd kisəsinin normal boşalmasına müsbət təsir göstərir. Eyni zamanda yulaf və qarabaşaq kimi tam taxıllar da ödün tərkibini tarazlaşdırır.
Balıq və dərisiz toyuq əti yüngül zülal mənbələri kimi öd kisəsini yormur və həzmi asanlaşdırır. Kifayət qədər su və bitki çaylarının qəbulu da vacib hesab edilir.
Eyni zamanda qızardılmış, çox yağlı yeməklər, fast-food məhsulları və şirniyyatların öd kisəsi problemlərini artırdığı qeyd olunur.
Öd kisəsinin sağlamlığını qorumaq üçün az yağlı, liflə zəngin və balanslı qidalanma əsas şərt hesab olunur.






