
Qan laxtalanması orqanizm üçün ciddi təhlükə yarada bilər. Bu proses infarkt, insult və dərin ven trombozu kimi xəstəliklərin əsas səbəblərindən sayılır.
Foodinfo.az xəbər verir ki, gündəlik həyat tərzində edilən sadə dəyişikliklərlə bu riski azaltmaq mümkündür.
Uzun müddət hərəkətsiz qalmaq qan dövranını zəiflədir. Buna görə də gündəlik 30 dəqiqəlik gəzinti və yüngül idman tövsiyə olunur. Xüsusilə uzun səyahətlər zamanı ayaqları hərəkət etdirmək vacib sayılır.
Mütəxəssislər qeyd edirlər ki, susuz qalmaq qanı qatılaşdırır. Gün ərzində kifayət qədər su qəbul etmək laxtalanma riskini azaldır.
Omega-3 yağ turşuları ilə zəngin balıqlar, qoz-fındıq, kətan toxumu, eləcə də tərəvəz və meyvələr qanı duru saxlayan ən faydalı məhsullar arasında göstərilir.
Siqaret çəkmək damar divarlarını zədələyir, alkoqol isə qan dövranını pozur. Hər iki vərdiş laxtalanma riskini artırır.
Ürək-damar xəstələri, artıq çəkisi olanlar və yaşlı insanlar risk qrupuna daxildir. Onlara həkim göstərişi ilə qan durulaşdırıcı müalicə təyin oluna bilər.
Özbaşına dərman qəbul etmək təhlükəlidir. Laxtalanma əlamətləri müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət edilməlidir.