
Oynaq ağrıları gündəlik həyatda hərəkət azadlığını məhdudlaşdıran ən yayılmış sağlamlıq problemlərindən biridir. Xüsusilə artrit və revmatizm kimi xəstəliklərdə qidalanmanın böyük rol oynadığı bildirilir.
Foodinfo.az xəbər verir ki, düzgün seçilmiş qidalar oynaq ağrılarını yüngülləşdirə və iltihabı azalda bilər.
Ən faydalı qidalar arasında yağlı balıqlar ilk sırada yer alır. Somon, sardina və skumbriya kimi balıqlarda olan omega-3 yağ turşuları iltihabın qarşısını alaraq oynaqların hərəkətliliyini artırır.
Zeytun yağı da təbii dərman kimi qiymətləndirilir. Soyuq sıxım zeytun yağı iltihab əleyhinə təsiri ilə oynaq ağrılarını azaldır.
Çərəzlər və toxumlar – qoz, badam, çia və kətan toxumu isə E vitamini və omeqa-3 tərkibi ilə oynaqları qoruyur.
Mütəxəssislərin sözlərinə görə, yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, brokoli, kələm), eləcə də giləmeyvələr (qaragilə, böyürtkən, çiyələk) antioksidantlarla zəngin olduğu üçün oynaq hüceyrələrinin zədələnməsinin qarşısını alır.
Zəncəfil və sarıkök isə təbii iltihab azaldıcı xüsusiyyətlərə malikdir və müntəzəm istifadədə ağrıların azalmasına yardımçı olur.
Həkimlər həmçinin D vitamini və kalsiumun da oynaq və sümük sağlamlığı üçün vacibliyini xatırladır. Süd məhsulları, yumurta və günəş işığı bu ehtiyacı ödəməyə kömək edir.
Fast-food və yüksək şəkərli qidalar iltihabı artırdığı üçün mütəxəssislər onların rasiondan uzaqlaşdırılmasını tövsiyə edir.