Şəkərli diabet yalnız susuzluq, yorğunluq və tez-tez sidik ifrazı ilə özünü göstərmir. Foodinfo.az xəbər verir ki, Diabetes UK xeyriyyə təşkilatının mütəxəssisləri ayaqlarda ortaya çıxan daha az bilinən simptomlara diqqət yetirməyi tövsiyə edirlər.
Mütəxəssislərin məlumatına görə, uzun müddət yüksək qlükoza səviyyəsi ayaqlardakı sinirləri qidalandıran kiçik qan damarlarını zədələyə bilər. Bu vəziyyət periferal neyropatiya adlanır və ayaqlarda hissiyyatın itirilməsinə səbəb olur. Nəticədə insan kəsik və yaraları hiss etməyə bilər, bu da qan dövranının pozulması ilə birləşərək infeksiya riskini artırır.
Ayaqlarda narahatlıq yaratmalı simptomlar bunlardır:
-
iynə batırmış kimi hiss, uyuşma və ya “qarışqa gəzməsi” hissi;
-
yanma və ya davamlı, sönük ağrı;
-
istirahətdə və ya gəzərkən baldır əzələlərində qıcolmalar;
-
ayaqlarda şişkinlik, parlaq və hamar dəri, tüklərin tökülməsi;
-
uzun müddət sağalmayan kəsiklər və xoralar.
Bundan əlavə, sinir zədələnməsi barmaqların deformasiyasına, həmçinin dəridə sərtləşmiş nahiyələrin və valgus deformasiya hallarının yaranmasına səbəb ola bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu simptomları görməzdən gəlmək ciddi nəticələrə yol aça bilər. Buna görə belə hallarda dərhal həkimə müraciət etmək vacibdir.
Həkimlər həmçinin qeyd edirlər ki, diabetin erkən mərhələdə aşkar edilməsi və düzgün müalicə ayaq sağlamlığını qorumağa və komplikasiyaların qarşısını almağa kömək edir.






