
Son illərdə sağlam qidalanma ilə maraqlananlar arasında ağcaqayın siropuna tələbat artıb.
Foodinfo.az xəbər verir ki, bu təbii məhsul həm qida dəyərinə, həm də orqanizmə göstərdiyi faydalara görə adi şəkərə sağlam alternativ sayılır.
Ağcaqayın siropu ağcaqayın ağacının şirəsindən hazırlanır. Yaz aylarında ağacın gövdəsindən çıxarılan şəffaf maye uzun müddət qaynadılaraq suyu buxarlandırılır və nəticədə təbii, ətirli və şirin sirop əldə olunur. 40 litrə yaxın ağac şirəsindən cəmi 1 litr sirop alınması onun nə qədər dəyərli məhsul olduğunu göstərir.
Qida mütəxəssislərinin sözlərinə görə, ağcaqayın siropu manqan, sink, kalsium və maqnezium kimi minerallarla, eləcə də B qrupu vitaminləri ilə zəngindir. Onun tərkibindəki antioksidantlar orqanizmi sərbəst radikallardan qoruyur, hüceyrə yenilənməsini dəstəkləyir və immun sistemini möhkəmləndirir.
Bu sirop ağ şəkərlə müqayisədə qan şəkərini daha yavaş yüksəldir, lakin tam zərərsiz deyil. Ona görə də diabet xəstələri və pəhriz saxlayan şəxslərə ölçülü istifadə tövsiyə olunur.
Ağcaqayın siropu ən çox pankek, yulaf sıyığı, desertlər və çaylarda təbii şirinləşdirici kimi istifadə edilir. Bazarda satılan bəzi ucuz məhsulların tərkibində isə süni qlükoza siropu və ətir qatqıları olur. Buna görə də mütəxəssislər təbii və etibarlı istehsalçılardan alınan məhsullara üstünlük verilməsini məsləhət görürlər.