Yüksək qan təzyiqi ürək və damar sağlamlığı üçün ən ciddi risk amillərindən biri hesab olunur. Həkimlər bildirirlər ki, bu problem çox vaxt dərmanlarla müalicə olunsa da, gündəlik qidalanma da böyük rol oynayır. Foodinfo.az xəbər verir ki, kardioloq Devid Sabgir qan təzyiqinin aşağı düşməsinə kömək edə bilən dörd faydalı məhsulu açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, yüksək təzyiqə qarşı mübarizədə kaliumla zəngin qidalar mühüm əhəmiyyət daşıyır. Bu maddə orqanizmdə natriumun mənfi təsirini zəiflədir, artıq mayenin xaric olunmasına kömək edir və damar divarlarının gərginliyini azaldır.

Kardioloqun sözlərinə görə, banan kalium baxımından ən zəngin təbii qidalardan biridir. Bu meyvə qan damarlarının genişlənməsinə kömək edir və qan dövranının yaxşılaşmasına müsbət təsir göstərir.

Digər faydalı məhsul isə avokadodur. Bu meyvə tərkibində həm kalium, həm də faydalı yağlar və lif ehtiva edir. Bu maddələr ürək əzələsinin sağlam fəaliyyətini dəstəkləyir.

Mütəxəssis giləmeyvələrin də yüksək təzyiqə qarşı faydalı olduğunu qeyd edir. Moruq, qaragilə və böyürtkən kimi meyvələr güclü qoruyucu maddələrlə zəngindir və damarların sağlamlığını qorumağa kömək edə bilər.

Kivi də yüksək təzyiqin azaldılmasına kömək edən meyvələrdən biri hesab olunur. Bu meyvə C vitamini ilə zəngindir və aparılan araşdırmalar onun müntəzəm istifadəsinin qan təzyiqinin aşağı düşməsinə müsbət təsir göstərə biləcəyini göstərir.

Həkimlərin sözlərinə görə, bu məhsulların gündəlik rasiona daxil edilməsi yüksək təzyiqin qarşısının alınmasına kömək edə bilər. Bununla yanaşı, düzgün qidalanma və sağlam həyat tərzi həkim tərəfindən təyin olunan müalicənin təsirini də gücləndirə bilər.