Şəkərli diabet haqqında cəmiyyətdə çoxlu yanlış təsəvvürlər mövcuddur. Ən geniş yayılmış fikirlərdən biri isə şirniyyatın birbaşa bu xəstəliyə səbəb olması ilə bağlıdır. Foodinfo.az URA.ru saytına istinadla xəbər verir ki, həkim-endokrinoloq Viktoriya Sadovskaya şəkərli diabetlə bağlı ən məşhur miflərdən birini təkzib edib.
Mütəxəssisin sözlərinə görə, şirin qidaların qəbulu təkbaşına diabet xəstəliyinin yaranmasına səbəb olmur. O bildirir ki, insan çox şirniyyat yesə belə, əgər bədən çəkisi normadadırsa və qəbul edilən enerji miqdarı gündəlik norma daxilində qalırsa, bu, birbaşa diabetin inkişafına gətirib çıxarmır.
Həkim qeyd edir ki, xəstəliyin yaranmasında əsas risk amillərindən biri artıq çəki və piylənmədir. Çünki artıq çəki zamanı orqanizmdə qlükozanın emalı prosesi pozula bilər və nəticədə qanda şəkərin səviyyəsi yüksəlir.
Sadovskayanın sözlərinə görə, normal halda qəbul edilən qida maddələri parçalanaraq müxtəlif elementlərə, o cümlədən qlükozaya çevrilir. Lakin piylənmə zamanı bu proses düzgün getmir və qlükoza qanda toplanaraq hiperglikemiya vəziyyətinin yaranmasına səbəb ola bilər.
Mütəxəssis vurğulayıb ki, diabetin yaranmasına təsir edən səbəblərin böyük hissəsi genetik amillərlə bağlıdır. Buna görə də müasir tibb bəzi hallarda xəstəliyin əsas səbəblərinə birbaşa təsir göstərə bilmir.
Bununla belə, ikinci tip diabetin qarşısını almaq mümkündür. Həkim bildirir ki, bunun üçün sağlam həyat tərzi mühüm rol oynayır.
Mütəxəssislər müntəzəm fiziki fəallığın və balanslaşdırılmış qidalanmanın diabet riskini azaltmağa kömək etdiyini bildirirlər. Onların sözlərinə görə, həftə ərzində ən azı 150 dəqiqə orta səviyyəli fiziki hərəkət etmək sağlamlığın qorunması üçün kifayət hesab olunur.
Həkimlər həmçinin bədən çəkisinin nəzarətdə saxlanmasını və qidalanmada ölçülü olmağı vacib sayırlar. Bu qaydalara əməl edildikdə şəkərli diabetin yaranma ehtimalını əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.






