Bir çox insan məhsulun tərkibində “E” işarəsi gördükdə onun zərərli olduğunu düşünür. Lakin mütəxəssislər bildirirlər ki, bütün qida əlavələri təhlükəli deyil və onların bir hissəsi təbii maddələrdən ibarətdir.
Foodinfo.az “Abzas” nəşrinə istinadla xəbər verir ki, dietoloq Mariyat Muxina bəzi “E” əlavələrinin hətta faydalı vitaminlər olduğunu bildirib. Onun sözlərinə görə, bu işarələr məhsulun təhlükəsizlik standartlarından keçdiyini göstərir.
Mütəxəssis E100 əlavəsinin – kurkuminin zərdəçal kökündən əldə olunan təbii rəngləndirici olduğunu qeyd edib. Bildirilib ki, bu maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir.
Dietoloq E101 əlavəsinin riboflavin, yəni B2 vitamini olduğunu vurğulayıb. Bu maddənin süd məhsulları və çörək istehsalında istifadə edildiyi bildirilib.
Mariya Muxinanın sözlərinə görə, E300 əlavəsi askorbin turşusu, yəni C vitamini hesab olunur. Bu maddə immun sistemini gücləndirən güclü antioksidant kimi tanınır.
Ekspert E306-E309 əlavələrinin isə E vitamininin müxtəlif formaları olduğunu bildirib. Onun sözlərinə görə, bu maddələr hüceyrələri zədələnmədən qorumağa kömək edir.
Mütəxəssis təhlükəsiz əlavələr sırasında E440 pektini, E160a beta-karotini, E162 çuğundur piqmentini, E322 lesitini və E330 limon turşusunu da qeyd edib.
Dietoloq əlavə edib ki, “E” işarəsi yalnız maddənin Avropa təhlükəsizlik standartlarına uyğun yoxlanıldığını göstərir. Bununla yanaşı, bəzi əlavələrin istifadəsinin qadağan olunduğu və məhsul seçərkən tərkib hissələrinə diqqət yetirilməsinin vacib olduğu vurğulanıb.






