Qurudulmuş meyvələr sağlam qidalanmanın vacib hissəsi hesab olunsa da, onların düzgün hazırlanması və istehlakı xüsusi diqqət tələb edir. Mütəxəssislər bildirirlər ki, bəzi hallarda bu məhsulların üzərində qoruyucu qat kimi parafin istifadə oluna bilər.
Foodinfo.az xarici mənbəyə istinadla xəbər verir ki, kişmiş, əncir, qara gavalı, zoğal və xurma kimi qurudulmuş meyvələr bəzən görünüşünü yaxşılaşdırmaq üçün mum və ya parafinlə örtülür. Bu maddələr təmizlənmədən qəbul edildikdə həzm sistemi üçün arzuolunmaz təsirlər yarada bilər.
Mütəxəssislər qeyd edir ki, nazik parafin təbəqəsini aradan qaldırmaq üçün məhsulları isti su ilə yumaq kifayətdir. Daha qalın qat olduqda isə qurudulmuş meyvələri qısa müddət qaynar suya salmaq və üzə çıxan parafini təmizləmək tövsiyə olunur. Sonra məhsullar kağız dəsmalla qurulanmalıdır.
Başqa bir üsul kimi, qurudulmuş meyvələrin üzərinə bir qədər soda səpilərək isti su ilə qarışdırılması və sonra yaxşıca yuyulması məsləhət görülür. Bu üsul parafin qatının daha effektiv şəkildə təmizlənməsinə kömək edir.
Qeyd olunur ki, parafin istilik təsiri altında əridiyi üçün bu üsullar effektiv sayılır. Bununla yanaşı, mütəxəssislər məhsulları istifadə etməzdən əvvəl diqqətlə yumağı və mümkün olduqda təbii, işlənməmiş məhsullara üstünlük verməyi tövsiyə edirlər.






