Yaşıllıqlar sağlam qidalanmanın əsas komponentlərindən biri hesab olunsa da, bəzi hallarda onların istifadəsinə diqqətlə yanaşmaq tələb olunur. Həkimlər bildirir ki, hər bir faydalı məhsul kimi yaşıllıqların da müəyyən məhdudiyyətləri mövcuddur.
Foodinfo.az xarici mənbəyə istinadla xəbər verir ki, ümumi praktika həkimi və kardioloq Aleksandr Myasnikov bəzi hallarda yaşıllıq qəbulunun risk yarada biləcəyini açıqlayıb. Onun sözlərinə görə, xüsusilə müəyyən xəstəlikləri olan insanlar bu məhsulları nəzarətsiz şəkildə qəbul etməməlidirlər.
Mütəxəssis qeyd edir ki, qan durulaşdırıcı dərmanlar qəbul edən şəxslər üçün yaşıllıqlar ehtiyatla istifadə olunmalıdır. Çünki keşniş, ispanaq və cəfəri kimi məhsullarda olan K vitamini bu dərmanların təsirini zəiflədə bilər.
Digər mühüm məqam isə böyrək daşı xəstəliyi ilə bağlıdır. Bildirilir ki, belə problemi olan insanlarda yaşıllıqların həddindən artıq istifadəsi daş əmələgəlmə prosesini sürətləndirə bilər. Buna görə də, bu kateqoriyaya aid şəxslərin qidalanma rasionunu həkim məsləhəti ilə tənzimləməsi tövsiyə olunur.






