Qırmızı ət bədən üçün vacib zülal, dəmir və vitamin mənbəyi olsa da, onun həddindən artıq istehlakı bir sıra sağlamlıq problemlərinə yol aça bilər.

Foodinfo.az xəbər verir ki, çoxlu miqdarda qırmızı ət yemək ürək-damar xəstəlikləri, bağırsaq xərçəngi və iltihabi proseslərin yaranma riskini artırır. Xüsusilə qızardılmış, qril və ya hisə verilmiş ətlərdə kanserogen maddələrin əmələ gəlməsi riski daha yüksəkdir.

Qırmızı ət ağır həzm olunan qida sayılır və onun tez-tez qəbul edilməsi mədə-bağırsaq sistemində narahatlıqlara, qəbizliyə və şişkinliyə səbəb ola bilər.

Mütəxəssislər həmçinin emal olunmuş ət məhsullarının – kolbasa, sosiska və vetçinanın – daha təhlükəli olduğunu bildirirlər. Bu məhsulların tərkibindəki duz və kimyəvi qatqılar qan təzyiqini yüksəldir və bağırsaq xərçəngi riskini artırır.

Tövsiyə olunur ki, qırmızı ət həftədə 2–3 dəfə, hər porsiyası təxminən 80–100 qram olmaqla qəbul edilsin. Əti qızartmaq əvəzinə sobada və ya buğda bişirmək, həmçinin tərəvəzlə birlikdə istehlak etmək daha sağlam hesab olunur.

Qrmızı ət düzgün miqdarda və sağlam bişirilmə üsulu ilə yeyildikdə faydalı olsa da, artıq istifadəsi sağlamlığa zərər verə bilər.