
Dietoloq, tibb elmləri namizədi Yelena Solomatina bildirib ki, giləmeyvələrin faydalı olmasına baxmayaraq, onların həddindən artıq qəbulu sağlamlıq üçün mənfi nəticələr yarada bilər. Foodinfo.az xəbər verir ki, mütəxəssis “Radio 1”ə açıqlamasında giləmeyvələrin tərkibində şəkərin yüksək olduğunu, normanı aşdıqda isə bu halın orqanizm üçün risk yaratdığını qeyd edib.
Onun sözlərinə görə, xüsusilə insulinə qarşı rezistentlikdən əziyyət çəkən, artıq çəkisi olan və fruktozanın mənimsənilməsində problem yaşayan şəxslər çoxlu miqdarda giləmeyvə yeməkdən çəkinməlidirlər. Solomatina əlavə edib ki, giləmeyvələrin tərkibindəki turşular həddən artıq istifadə zamanı mədə qıcıqlanmasına və hətta selikli qişada narahatlıqlara səbəb ola bilər.
Ekspert xəbərdarlıq edib ki, turş giləmeyvələrə əlavə edilən şəkər orqanizmdə qlükozanın səviyyəsini kəskin artırır və bu, damarların daxili səthini – endotel hüceyrələrini zədələyə bilər. Bu isə uzun müddətdə damar xəstəlikləri üçün əlverişli zəmin yaradır.
Solomatina vurğulayıb ki, giləmeyvələr vitamin, mineral və antioksidant baxımından çox faydalı olsa da, onları normadan artıq qəbul etmək əks effekt yarada bilər. Mütəxəssis balanslı istehlakı tövsiyə edərək, gündəlik porsiyaların ölçülü saxlanmasının vacibliyini bildirib.