Dişlərin sağlam qalması təkcə gündəlik gigiyena ilə deyil, həm də düzgün qidalanma ilə bağlıdır. Foodinfo.az xəbər verir ki, “MİA.RF” klinikalar şəbəkəsinin tibbi direktoru, həkim Maksim Labuxin “Gazeta.ru”ya açıqlamasında qidalanmanın dişlərə təsiri barədə danışıb.

Onun sözlərinə görə, kifayət qədər vitamin, mineral və mikroelement qəbul edildikdə diş minasını möhkəm saxlamaq və kalsiumla flüorun orqanizmdən yuyulmasının qarşısını almaq mümkündür. Bu maddələr çatışmadıqda isə dişlər daha tez zədələnir və kariyes riski artır.

Mütəxəssis əlavə edib ki, bəzi məhsullar dişlər üçün təbii “təmizləyici” rolunu oynayır. Məsələn, yerkökü, alma, armud, xiyar və çuğundur dişlərdəki ərpi təmizləyir, diş ətində qan dövranını gücləndirir və tüpürcək ifrazını artıraraq ağız boşluğunu qoruyur.

Labuxin həmçinin rasiona mütləq şəkildə göyərti, giləmeyvə, qoz-fındıq, süd məhsulları (süd, pendir, kəsmik, yoqurt), sitrus meyvələri, dəniz məhsulları, yumurta və balın daxil edilməsini tövsiyə edib. Bu qidalar diş və diş ətinin möhkəmlənməsinə yardım edir.

Həkim vurğulayıb ki, müxtəlif və balanslı qidalanma, ağız gigiyenasına riayət etməklə birlikdə diş minasını uzun müddət möhkəm saxlamağa kömək edir və kariyes riskini əhəmiyyətli dərəcədə azaldır.