Qaraciyər insan bədəninin əsas “filtri” hesab olunur, lakin bəzən faydalı görünən qidalar da onun fəaliyyətinə mənfi təsir göstərə bilər. Foodinfo.az xəbər verir ki, bu barədə qastroenteroloq Nataliya Morozova aif.ru-ya açıqlama verib.

Həkimin sözlərinə görə, doymuş heyvani yağlarla zəngin qidalar qaraciyər üçün ən riskli məhsullardandır. Məsələn, kərə yağı, qaz və ördək kimi yağlı ətlər qaraciyəri yükləyərək yağlı hepatoz xəstəliyinin yaranmasına şərait yaradır.

Morozova bildirib ki, bəzən göyərti və turş məhsullar da gözlənilməz təhlükə yarada bilər. Kişniş, turşəng, çeremşa (dağ sarımsağı), kivi və zoğal yüksək miqdarda turşu və efir yağları saxladığından öd yollarını qıcıqlandırır və onların fəaliyyətinə mane ola bilər.

O, həmçinin şirin meyvələr və balın da diqqətlə istifadə olunmasını məsləhət görüb. Çünki fruktoza qlükozadan fərqli olaraq, demək olar ki, tamamilə qaraciyərdə parçalanır. Artıq qəbul edildikdə isə asanlıqla yağa çevrilir və qaraciyər hüceyrələrində yığılaraq hepatoza səbəb olur. Bundan başqa, fruktoza toxluq hissini zəiflədir və insanı tez-tez çox yeməyə sövq edir.

Mütəxəssis əlavə edib ki, qaraciyərin əsas düşmənlərindən biri də şəkərli içkilər, siroplar və fruktoza əsaslı bəzi şirinləşdiricilərdir. Bundan başqa, duzun həddindən artıq istifadəsi də qaraciyərə ziyan vurur. Çünki duz yağların həzm olunmasını çətinləşdirir və öd kisəsində daş əmələ gəlməsi riskini artırır.

Morozova sağlam qaraciyər üçün qida rasionunda balansı qorumağın, artıq şəkər və duzdan uzaq durmağın, həmçinin təbii və yüngül məhsullara üstünlük verməyin vacibliyini vurğulayıb.