
Dəmir insan orqanizmi üçün həyati əhəmiyyət daşıyan mikroelementlərdəndir. Foodinfo.az bildirir ki, Vidnovsk Klinik Xəstəxanasının terapevti Yana Şmelova açıqlayıb ki, dəmir çatışmazlığı müxtəlif sağlamlıq problemlərinə yol açır və orqanizmin normal fəaliyyətini əhəmiyyətli dərəcədə poza bilər.
Həkim izah edib ki, kifayət qədər dəmir qəbul edilmədikdə, dəmir çatışmazlığı anemiyası inkişaf edə bilər. Bu anemiyanın əsas simptomları arasında yorğunluq, zəiflik, diqqət problemləri və ümumi halsızlıq vardır. Dəmir səviyyəsinin aşağı olması həmçinin enerji balansına, sinir sisteminin fəaliyyətinə və immunitetə mənfi təsir göstərir.
Xüsusilə hamilə qadınlarda dəmir çatışmazlığı ciddi fəsadlara gətirib çıxara bilər. Hamiləlik dövründə kifayət qədər dəmir qəbul edilmədikdə erkən doğuş, dölün inkişafında gerilik, eləcə də süd ifrazının azalması kimi problemlər yarana bilər. Bu səbəbdən, gələcək anaların və uşaqların sağlamlığı üçün dəmirin kifayət qədər qəbulu vacibdir.
Dəmir çatışmazlığının qarşısını almaq üçün Şmelova gün ərzində dəmir baxımından zəngin qidaların qəbulunu tövsiyə edib. Bunlara qırmızı ət (mal əti, hinduşka), qaraciyər, dəniz məhsulları (istiridyə, midiya), yumurta, ispanaq, qarabaşaq, mərci, qara şokolad, qoz-fındıq, qurudulmuş meyvələr və dəmir ilə zənginləşdirilmiş taxıllar daxildir.
Həkim vurğulayır ki, balanslı və müxtəlif qidalanma ilə orqanizm üçün kifayət qədər dəmir təmin etmək mümkündür. Həmçinin, dəmirin udulmasını artırmaq üçün C vitamini ilə zəngin qidaları – portağal, kivi, çiyələk və bibər – qida rasionuna əlavə etmək faydalıdır.