
Sarımsaq əsrlərdir həm qida, həm də təbii dərman kimi istifadə olunur. Foodinfo.az bildirir ki, “Gemotest” laboratoriyasının eksperti, qastroenteroloq Yekaterina Kaşux sarımsağın faydalarının əsas mənbəyinin onun tərkibindəki allisindən qaynaqlandığını deyib.
Mütəxəssisin sözlərinə görə, allisin sarımsağın dişi əzildikdə və ya kəsildikdə əmələ gəlir. Bu maddə güclü antibakterial və göbələkəleyhinə xüsusiyyətlərə malikdir. Yəni, sarımsaq orqanizmdə patogen mikrobların çoxalmasının qarşısını ala və immun sistemini qorumağa yardımçı ola bilər.
Kaşux əlavə edib ki, sarımsaq yalnız allisinlə məhdudlaşmır. Onun tərkibində B qrupu vitaminləri, C vitamini, selen, manqan və efir yağları da mövcuddur. Bu maddələr orqanizmin enerji mübadiləsini dəstəkləyir, hüceyrələri oksidləşmədən qoruyur və ümumi sağlamlığı gücləndirir.
Son illərdə aparılan elmi tədqiqatlar da sarımsağın təsirini təsdiqləyir. Məlum olub ki, bu bitki bir sıra patogen bakteriyaların və göbələk infeksiyalarının inkişafını ləngidir. Bu xüsusiyyətinə görə sarımsaq tez-tez soyuqdəymə və digər mövsümi xəstəliklər zamanı xalq təbabətində istifadə olunur.
Mütəxəssislər sarımsağın gündəlik rasiona az miqdarda əlavə edilməsini tövsiyə edirlər. Çiy halda qəbul edildikdə allisinin təsiri daha güclü olur, lakin həzm sistemi ilə bağlı problemi olan şəxslərə həkimlə məsləhətləşmək tövsiyə edilir.