Son illərdə dünyada və regionda qidalanma mütəxəssislərinin diqqətini çəkən məhsullardan biri də qara sarımsaqdır. 

Foodinfo.az xəbər verir ki, bu məhsul adi sarımsağın müəyyən temperatur və rütubət şəraitində bir neçə həftə ərzində fermentasiya olunması nəticəsində əldə edilir. 

Fermentasiya prosesi onun dadını dəyişdirərək daha yumşaq və şirinləşdirir, eyni zamanda sağlamlıq faydalarını da artırır.

Qara sarımsağın ən mühüm xüsusiyyəti antioksidant baxımından olduqca zəngin olmasıdır. Aparılan araşdırmalar göstərir ki, fermentasiya nəticəsində sarımsağın antioksidant gücü bir neçə dəfə artır. 

Bu xüsusiyyət hüceyrələrin zədələnməsinin qarşısını alır, qocalma prosesini ləngidir və bir sıra xroniki xəstəliklərə qarşı qoruyucu rol oynayır.

Həkim-dietoloqlar qara sarımsağın ürək-damar sağlamlığını qorumaqda, xolesterini və qan təzyiqini tənzimləməkdə mühüm rol oynadığını bildirirlər. 

Bununla yanaşı, məhsulun immuniteti gücləndirdiyi, qaraciyərin fəaliyyətini dəstəklədiyi və həzmi asanlaşdırdığı da qeyd olunur. 

Bəzi elmi işlərdə isə qara sarımsağın xərçəng hüceyrələrinin inkişafını ləngidə biləcəyi ehtimal olunur.

Mütəxəssislər qara sarımsağın istifadəsini gündəlik qidalanmaya əlavə etməyi tövsiyə etsələr də, təzyiqi aşağı olan və ya mədə turşuluğundan əziyyət çəkən insanların ehtiyatlı olması barədə xəbərdarlıq edirlər.

Qara sarımsaq hazırda super qida statusu ilə həm sağlam qidalanma tərəfdarları, həm də aşpazlar tərəfindən geniş maraqla qarşılanır. Onu salatlarda, souslarda və ya birbaşa qəlyanaltı kimi istifadə etmək mümkündür.