
Çaytikanı təbiətin insana bəxş etdiyi ən dəyərli bitkilərdən biridir və onun faydaları hələ də bir çoxlarını təəccübləndirir. Foodinfo.az bildirir ki, diyetoloq Tatyana Zaletovanın sözlərinə görə, bu giləmeyvə tərkibinə görə “superfood” adlandırıla bilər.
Mütəxəssisin izahına görə, çaytikanında C vitamini limonla müqayisədə bir neçə dəfə çoxdur. Bundan əlavə, giləmeyvə B qrupu vitaminləri ilə sinir sistemini dəstəkləyir, E vitamini ilə reproduktiv sağlamlığı qoruyur, K vitamini ilə isə sümüklərin möhkəmliyini təmin edir.
Xüsusi dəyəri isə omeqa-7 yağ turşularıdır. Bu maddələr selikli qişaları bərpa edir, yaraların sağalmasını sürətləndirir və orqanizmin regenerasiya proseslərini gücləndirir. Çaytikanının tərkibində həmçinin dəmir, maqnezium, bor və “xoşbəxtlik hormonu” adlandırılan serotonin də var.
Diyetoloq immunitetin gücləndirilməsi üçün çaytikanının morq, çay və ya şəkərlə əzilmiş formada qəbulunu məsləhət görür. Lakin mütəxəssis xəbərdarlıq edir ki, öd daşı xəstəliyi və pankreatitdən əziyyət çəkənlər üçün bu giləmeyvə zərərli ola bilər. Həmçinin mədə turşuluğu yüksək olan şəxslərə çaytikanını təzə halda yemək tövsiyə edilmir.
Beləliklə, doğru şəkildə istifadə olunduqda çaytikanı həm immuniteti, həm də ümumi sağlamlığı dəstəkləyən güclü təbii vasitə hesab olunur.