
Havaların soyuması ilə bədənimizdə həm fiziki, həm də psixoloji dəyişikliklər baş verir. Foodinfo.az bildirir ki, psixoloq və qidalanma mütəxəssisi İrina Pronyagina payız-qış mövsümündə qidalanmanın optimallaşdırılmasının vacib olduğunu vurğulayıb.
Mütəxəssisin sözlərinə görə, havaların soyuması, gün işığının azalması və D vitamini çatışmazlığı orqanizmdə serotoninin azalmasına səbəb olur. Serotonin “xoşbəxtlik hormonu” hesab olunur və onun səviyyəsi aşağı düşəndə iştah artır. Bir çox insanlar isə bu boşluğu instinktiv olaraq yeməklə doldurmağa çalışır.
Pronyagina məsləhət görür ki, rasiona mürəkkəb karbohidratlar daxil edilsin: qəhvəyi düyü, qarabaşaq, yulaf və darı sıyıqları. Bu qidalar bədəni uzun müddət tox saxlayır və enerjini tədricən verir.
Ekspert həmçinin mövsümi tərəvəzlərin – məsələn, çuğundur və balqabağın – qida rasionuna əlavə edilməsini tövsiyə edib. Onun sözlərinə görə, bu tərəvəzləri rozmarinlə birləşdirib yemək həm dadlı, həm də bədəni isti saxlayacaq.
Beləliklə, mütəxəssislər soyuq aylarda düzgün qidalanmanın həm immuniteti gücləndirdiyini, həm də əhval-ruhiyyəni yaxşılaşdırdığını bildirirlər.